Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə barama tədarükünə başlanılıb

18 iyun 2026 | 10:03

Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Son illər Tərtər rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2024-cü illərdə 339 min 757 çəkil tingi əkilmişdir ki, onun da 133 min ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb. 2025-ci ildə rayonda 6,5 ton barama istehsal olunmuşdur. Bu il isə kümçülərə 300 qutu ipəkqurdu verilib. 12 ton barama istehsalı nəzərdə tutulub.

Artıq rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazimi şərait yaradılıb.

Mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 2196 kiloqram məhsul Qax Damazlıq İpəkçilik Stansiyasının nümayəndələri tərəfindən qəbul edilib.

Keçidlər