Tərtərdə barama tədarükünə başlanılıb
Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Son illər Tərtər rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2023-ci illərdə 339 min 757 çəkil tingi əkilmişdir ki, onun da 133 min ədədi Çin Xalq Respublikasından gətirilmiş tinglərdir. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb. 2016-cı ildə 1 ton , 2017-ci ildə 4,6 ton, 2018-ci ildə 10,2 ton, 2019-cu ildə 18.3 ton, 2020-ci ildə 12.1 ton, 2021-ci ildə 13.6 ton, 2022-ci ildə 10,2 ton, 2023-cü ildə isə 14,8 ton barama istehsal olunmuşdur. Bu il isə kümçülərə 300 qutu ipəkqurdu verilib. 12 ton barama istehsalı nəzərdə tutulub.
Artıq rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazimi şərait yaradılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədarükün ilk günü barama qəbulu məntəqəsində olub, kümçülərlə görüşüb, müvafiq tövsiyyələrini verib. Onlara məhsul yığımında uğurlar arzulayıb.
Mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 1905 kiloqram məhsul “AZ SİLK” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib.