Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə BAMF və Bakı Britaniya Məktəbinin əməkdaşlığı çərçivəsində bayram münasibətilə şəhid ailələri ziyarət edilib

09 yanvar 2023 | 17:59

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyi Tərtər rayonunda şəhid ailələrini ziyarət edib. 60-dan çox ailənin ziyarəti zamanı Bakı Britaniya Məktəbinin şagirdlərinin hazırladıqları hədiyyələr və BAMF-ın ərzaq sovqatı paylanılıb. Kampaniyada BAMF prezidenti Umud Mirzəyev, Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov və BAMF-ın əməkdaşları iştirak ediblər.

BAMF prezidenti Umud Mirzəyev bu kampaniyanın bayrama uyğun olaraq bir həmrəylik nümunəsi olduğunu qeyd edib. U. Mirzəyev həmçinin Bakı Britaniya Məktəbinə təşəbbüsə görə təşəkkürünü bildirib və bunun ilk belə əməkdaşlıq olmadığını da xüsusi vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu regionda məskunlaşan qaçqın və məcburi köçkünləri, müharibədən əziyyət çəkənləri və xüsusilə də şəhid və qazi ailələrini daim diqqətdə saxlayır və öz dəstəyini nümayiş etdirir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər