Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələr müzakirə olunub

08 iyul 2026 | 09:40

Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov respublikamızda qeyri-neft sənayesinin, xüsusilə aqrar sektorun dinamik inkişafının dövlət siyasətinin strateji prioritetlərindən birini təşkil etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkə rəhbəri tərəfindən imzalanan bu mühüm sənəd daxili bazarın yerli məhsullarla təminatını gücləndirməklə yanaşı, regionlarda məşğulluq səviyyəsinin yüksəldilməsinə və ixrac potensialının çoxşaxəli inkişafına xidmət edir. Rayon rəhbəri qeyd edib ki, növbəti beşilliyi əhatə edən Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq, xammal istehsalından rəqabətədavamlı emal sənayesinin qurulmasınadək böyük bir zəncirin formalaşmasına hüquqi və iqtisadi zəmin yaradacaqdır. Bunun sayəsində rayonda iqtisadi fəallıq artacaq, yeni iş yerləri açılacaq və yerli istehsal hesabına idxaldan asılılıq minimuma enəcəkdir.

Daha sonra çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov sənədin əsas hədəfləri və Tərtər rayonu üzrə reallaşdırılması nəzərdə tutulan praktiki addımlar barədə geniş məlumat verib, icra mexanizmlərinin effektiv təşkilindən danışıb.

Tədbirin yekununda Dövlət Proqramının Tərtər rayonunda uğurlu və vaxtında icrası ilə bağlı qarşıda duran vəzifələr ətraflı təhlil olunub. Xüsusilə su və torpaq ehtiyatlarından qənaətlə və səmərəli istifadə, aqrar sahədə innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən subsidiya dəstəyinin düzgün yönləndirilməsi istiqamətində aidiyyəti struktur bölmələrinin rəhbərlərinə ciddi tapşırıqlar verilib. Bu prosesdə yerlərdəki bütün dövlət təsisatlarının tam koordinasiyalı və operativ şəkildə fəaliyyət göstərməsinin vacibliyi xüsusi vurğulanıb.

Keçidlər