Tərtərdə “Anım Günü”ndə “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib
Sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin “Anım Günü” ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə salınmış “Vətən bağında” ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərin xatirəsini ehtiramla anıblar.
Aksiya çərçivəsində “Vətən bağı”nda 100 ədəd eldar şamı əkilib, ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb.
İcra başçısı Müstəqim Məmmədov ağacəkmə aksiyasında iştirak edən şəhid ailələri ilə söhbət apararaq, onların qayğıları ilə maraqlanıb. Bildirib ki, Vətən uğrunda döyüşlərdə igidlik göstərmiş şəhidlərimizin həyat yolu və qəhrəmanlığı hər bir gənc üçün örnəkdir.
Aksiyada iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.