Tərtərdə akademik Zərifə Əliyevanın anım günü qeyd olunub
Tərtər rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, tibb işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Eldar Əsədov Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında böyük xidmətləri olduğunu qeyd edib.
Ulu Öndərə dərin məhəbbətlə bağlanan Zərifə xanımın bir ana kimi ən böyük xidmətinin Ümummili lider Heydər Əliyevin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirməsi olduğunu vurğulayıb. Onun şərəfli adının xalqımızın qəlbində əbədi yaşayacağına əminliyini ifadə edib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, xəstəxananın baş həkimi Bəkir Nağıyev, həkim oftalnoloq Yeganə Əlişova, həkim Pərvanə Xudiyeva çıxış edərək, Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıblar.
Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyiblər. Tədbirdə respublika prezidenti cənab İlham Əliyevin öz anası haqqında dediyi sözlər bir daha yada salınıb:
“Mənim anam əsil alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”
Boyük alim,əsil insan olan Zərifə xanımın xatirəsi tək ailəsinin deyil, bütün Azərbaycan xalqının, onu tanıyan bütün insanların qəlbində yaşayır.