Tərtərdə akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatı və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına verdiyi mühüm töhfələrdən danışaraq, sözü YAP rayon təçkilatının sədri Eldar Əsədova verib. Eldar Əsədov bildirib ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə böyük şöhrət qazanmışdır. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngindir ki, onları bir çıxışda əhatə etmək qeyri-mümkündür. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün məktəbdir. Zərifə xanım Əliyevanın elmi fəaliyyəti haqqında çoxsaylı məqalələr yazılıb, kitablar dərc edilib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. O, respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
“Dəyirmi masa” da rayon Mərkəzi xəstəxanasının baş həkimi Bəkir Nağıyev, xəstəxananın ilk həmkarlar təşkilatının sədri Pərvanə Xudiyeva və baş tibb bacısı Lalə Qasımova çıxış ediblər. Çıxışlarda bildirilib ki, Zərifə xanım Əliyeva uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. İnsanlara nur bəxş edən Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğv edilməsi Zərifə Əliyevanın adı ilə bağlıdır. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə elmi dairələrdə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Zərifə xanım milli oftalmologiyanın inkişafını müasir tələblərə cavab verən oftalmoloji mərkəzin yaradılmasında, öz ixtiralarını, kəşflərini beynəlxalq arenaya çıxara bilən yüksəkixtisaslı kadrların hazırlanmasında, dünya oftalmologiya elminə inteqrasiyada görürdü. Bütün mənalı həyatı boyu yorulmaq bilmədən çalışan, elmin sirlərinə dərindən yiyələnmək üçün səylərini artıran, daim yeniliyə maraq göstərən Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Çıxışlarda qeyd edilib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, Azərbaycanı tarixi Zəfərinə qovuşduran, adını çoxəsrlik tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır. Zərifə xanım Əliyevanın ən böyük mükafatı xalqın sevgisidir. Onun nəsillərə nümunə olan ömür yolunu vərəqlədikcə hər bir addımın arxasında Vətən, xalq sevgisini görürük. Dövlətimizin başçısı İlham Əliyev görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyeva haqqında danışarkən “Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur” söyləyərək bu fikirləri də xüsusi qeyd edir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır.”
Zərifə xanım Əliyeva böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.