Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Ailəmiz ən güclü dəyərimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib

13 may 2026 | 17:40

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Günü münasibətilə rayonda “Ailəmiz ən güclü dəyərimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, rayon Ağsaqqallar şurasının və İctimai Şuranın üzvləri, səhiyyə, mədəniyyət və təhsil işçiləri, gənc ailələr və ziyalılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Svetlana Əzizova çıxış edərək bildirib ki, ailə cəmiyyətin təməl sütunu, milli-mənəvi dəyərlərimizin qorunduğu ən müqəddəs ocaqdır. Qeyd olunub ki, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, milli dəyərlərin gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və respublika prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ailə dəyərlərinin qorunmasına xüsusi diqqət göstərilir.

Sonra rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Svetlana Bağırova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, rayonun sayılıb-seçilən ağbirçəklərindən olan Sofiya Həsənova, rayon mərkəzi xəstəxanasında Ailə və Sağlamlıq Mərkəzinin şöbə müdiri Şəfaqət Əzimova, rayon Mədəniyyət Mərkəzinin Kitabişləmə şöbəsinin mütəxəsisi Məhsəti Səmədova və Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramova çıxış ediblər.

Çıxışçılar ailənin cəmiyyətdə sabitliyin, qarşılıqlı hörmətin və sağlam münasibətlərin əsasını təşkil etməsindən, güclü ailələrin güclü cəmiyyətin formalaşmasında mühüm rol oynadığından, ailə institutunun möhkəmləndirilməsinin dövlətin diqqət mərkəzində olmasından, milli-mənəvi dəyərlərimizin qorunmasının hər bir vətəndaşın mənəvi borcu olmasından, ailədaxili münasibətlərdə qarşılıqlı hörmətin, hüquq və vəzifələrin düzgün dərk edilməsinin vacibliyindən, sağlam ailə mühitinin cəmiyyətdə hüquq pozuntularının azalmasına və ictimai təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verməsindən, ailədə sağlam həyat tərzinin təşviqinin vacibliyindən, valideynlərin övladlarının fiziki və psixoloji sağlamlığına diqqətlə yanaşmasının gələcək nəslin sağlam böyüməsində mühüm rol oynamasından, Azərbaycan xalqının zəngin ailə ənənələrindən, adət-ənənələrimizin və milli dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətindən bəhs ediblər.

Qeyd olunub ki, Azərbaycan ailəsi tarix boyu öz möhkəmliyi, böyüyə hörmət, kiçiyə qayğı prinsipləri ilə seçilib və ailədə tərbiyə olunan milli-mənəvi dəyərlər xalqımızın gələcəyinin etibarlı təminatıdır. Ailə sevgi, sədaqət, qarşılıqlı anlayış və fədakarlıq üzərində qurulur, ailədə hökm sürən mehribanlıq və birlik övladların sağlam ruhda böyüməsinə və cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinə şərait yaradır. Ailə milli kimliyimizin formalaşmasında və mədəni irsimizin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır. Ailə cəmiyyətin mənəvi dayağı, sevgi və etibar mənbəyidir. Güclü ailələrin formalaşması sağlam və inkişaf etmiş cəmiyyətin əsas şərtlərindən biridir.

Sonda iştirakçılar Beynəlxalq Ailə Gününün əhəmiyyətini vurğulayaraq, milli ailə dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının hər birimizin müqəddəs borcu olduğunu bildiriblər.

Keçidlər