Tərtərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Tərtər rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil idarəsinin Tərtər təhsil sektoru və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon icra hakimiyyətinin Akt zalında davam etdirilib. Dövlət himni səsləndirilib və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin və dünyasını dəyişən müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibətilə təbrik edib.
Rayon rəhbəri bildirib ki, Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.
Müstəqil Azərbaycan Respublikasında isə Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.
“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən Xankəndində, Şuşada, Fizulidə, Laçında istifadəyə verilən məktəblərin açılışında olub, Qarabağ Universitetində tələbələrlə, müəllimlərlə görüşüb.
Respublikamızın digər regionlarında da məktəb tikintisi və təmiri davam edir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Biz bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik. Respublika Prezidentinin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamış, 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi, 2023-cü ildə isə Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binaların tikilmiş, Təhsil Nazirliyi tərəfindən onlarla məktəbdə təmir işləri aparılmışdır
İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.
Sonra rayon təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev, Talış kənd tam orta məktəbin direktoru, şəhid anası Afidə Mirzəliyeva, Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva, Seyidimli kənd tam orta məktəbinin direktoru Nurəddin İbrahimov, Kəngərli kənd tam orta məktəbin direktoru Elçin Mirzəyev , Hacıqərvənd kənd tam orta məktəbin müəllimi Gülnarə Həsənova, YAP rayon təşkilatının sədri Eldar Əsədov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, təhsilə göstərilən diqqət və qayğının nəticəsində bu il rayonumuzun umumtəhsil məktəblərini bitirən 756 nəfər məzundan 421 nəfəri ali məktəblərə sənəd vermişdir. Ali məktəblərə sənəd verən məzunlardan 285 nəfər müxtəlif ali təhsil müəssisələrinə, o cümlədən 5 nəfər Polis Akademiyasına, 7 nəfər Qarabağ Universitetinə, 5 nəfər isə Cəmşid Naxçıvanski adına liseyə qəbul olmuşdur. Onlardan 9 nəfər 600-dən, 33 nəfər isə 500-600 arası bal toplamışdır. 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 3, 500-600 arası bal toplayan məzunların sayı isə 12 nəfər artmışdır.
Bu il lX sinfi bitirən 954 nəfər şagirddən 120 nəfəri orta ixtisas məktəblərinə sənəd vermiş və113 məzun orta ixtisas məktəbinə qəbul olub. Bu da ötən illə müqayisədə 67 nəfər çoxdur.Əldə olunan müvəffəqiyyətlər müəllimlərin gərgin əməyinin nəticəsidir.
Bizim rayonda onlarla “Əməkdar” və “Tərəqqi” medallı müəllimlərimiz var. Bu respublika prezidenti cənab İlham Əliyevin təhsilə,müəllimlərə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Tədbiri yekunlaşdıran rayon rəhbəri bir daha bütün müəllimləri peşə bayramları münasibəti ilə ürəkdən təbrik edib.Bir qrup müəllimə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman təqdim olunub.