Tərtərdə "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə idman paradı və ağacəkmə aksiyası təşkil edilib.
Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər rayon Təhsil sektorunun, Tərtər rayon Mədəniyyət Mərkəzinin birgə dəstəyi ilə Tərtərdə “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş idman paradı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Qarabağ regionunu əhatə edən şəhər və rayonların idman ictimaiyyətinin iştirakı ilə Tərtər şəhər Nizami Gəncəvi küçəsindən yürüş start götürmüş və finişi rayonun Mərkəzi meydanı olmuşdur. Finişdə təşkil edilən tədbirin rəsmi hissəsində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmış, dövlət himni səsləndirilmiş və rəsmi hissə açıq elan edilmişdir.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək qonaqları salamlamış və qeyd etmişdir ki, hər il mart ayının 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün mart ayının 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib. Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir idman qurğuları tikilir, idman mərkəzləri uğurla fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.
Sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin inzibati təşkilat sektorunun müdiri Anar Şahbazov çıxış edərək bu gün Azərbaycanın beynəlxalq arenada yaratdığı idman imicindən, eləcə də ölkəmizdə idmana və idmançılara göstərilmiş yüksək səviyyəli dövlət qayğısından, müasir standartlara cavab verən idman obyektlərinin ilbəil sayının artırılmasından danışıb.
Tədbirin sonunda nailiyyətli idmançılar fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.
Tədbirin proqramına əsasən Tərtər Olimpiya İdman Kompleksinin ərazisində ağacəkmə aksiyası təşkil edilib. Tədbirdə ümumilikdə idman ictimaiyyətindən 150 nəfər iştirak edib.