Tərtərdə 5 dekabr- Beynəlxalq Könüllülər Günü qeyd olunub
Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan “Qızıl Aypara” cəmiyyətinin Tərtər rayon bölməsinin təşkilatçılığı ilə rayon Gənclər Mərkəzində 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasdibəti ilə “dəyirmi masa” keçirilib.
Tədbir iştirakşıları əvvəlcə Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidələrin önünə gül dəstələri düzüblər.
Tədbirdə Ümummilli Liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev və və Azərbaycan “Qızıl Aypara” cəmiyyətinin Tərtər rayon bölməsinin sədri Etibar Heydərov çıxış edərək könüllüləri təbrik ediblər.
Qeyd olunub ki, BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.
Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.
Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.
Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. Artıq Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.
Tərtər rayonunun könüllüləri də keçirilən tədbirlərdə hər zaman fəal iştirak edirlər. Könüllülərimiz koronavirus (COVİD- 19) pandemiyasının ilk vaxtlarından yaşı 65-dən yuxarı olan şəxslərə sosial xidmətlərin göstərilməsində, onların təqaüdlərinin, gündəlik ərzaq təminatlarının və dərmanlarının alınıb çatdırılmasında, digər təşkilatlar tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələr üçün göndərilən yardımların paylanmasında, “ Biz Birlikdə Güclüyük” yardımlarının paylanmasında, şəhid abidələrinin təmiz saxlanılmasında, ağacəkmə aksiyasında, keçirilən iməciliklərdə və digər tədbirlərdə fəal iştirak edirlər.
Sonra könüllülərdən Xatun Həsənova, Tünzalə Nəcəfova, Nicat İbrahimli, Rahib İbrahimov çıxış edərək “Beynəlxalq Könüllülər Günü” münasibətilə bütün könüllüləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.