Tərtərdə 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib
Dekabrın 5-də Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Rayon İcra Hakimiyyətinin, Tərtər rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri ilə görüş keçirib.
Könüllülər əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlərin Abidə Kompleksini ziyarət edib, onların xatirəsini ehtiramla yad ediblər.
Tədbir rayon icra hakimiyyətinin inzibati binasında dəyirmi masa arxasında davam etdirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov könüllü gəncləri 5 dekabr Beynəlxalq könüllülər günü münasibətilə təbrik edərək könüllüllük hərəkatının əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlandığını bildirib. Ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və Könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırıb. Bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün olmadığını bildirib. Qeyd olunub ki, könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən artıq 10 nəfəri Tərtər rayon İcra Hakimiyyətində müvafiq işlə təmin olunub.
Görüşdə çıxış edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətində könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən xüsusi sertifikatlar təqdim olunub.