Tərtərdə “44 günlük zəfər - tarixi yazanların gözü ilə” adlı layihə çərçivəsində tədbir keçirilib
YAP Tərtər Rayon Təşkilatının qərargahında “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “44 günlük zəfər - tarixi yazanların gözü ilə” adlı layihə çərçivəsində gənclərlə görüş keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, şəhid ailəsinin üzvləri, İctimai Birliyin sədri Mikayıl Həsənli, layihənin eksperti, yeniyetmə və gənclər iştirak ediblər.
Tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü Tərtər RİHB-nin əməkdaşı Rəqsanə Məmmədli açaraq, iştirakçıları salamlayıb. O, bildirmişdir ki, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın "dəmir yumruq"da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Daha sonra layihənin eksperti çıxış edərək, görüşün əsas məqsədinin İkinci Qarabağ müharibəsində qazanılmış zəfər tarixinin eləcə də ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş oğullarımızın döyüş yolunun gənc nəslə tanıdılmasından ibarət olduğunu bildirib.
Tədbir müzakirələr şəklində davam etdirilmişdir.