Tərtərdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Tədbirdə YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov çıxış edib. O, öz çıxışında bildirib ki, 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər. Mənfur qonşularımız Azərbaycan xalqına qarşı dəfələrlə soyqırım aktları törədiblər. Ballıqaya, Başlıbel, Meşəli faciələri, 44 günlük haqq savaşımızda mülki əhalinin raket atəşinə tutulması da erməni təcavüzkarlarının xalqımıza qarşı genosid törətmə cəhdlərinə nümunədir.
1992-ci ilin 26 fevralında ermənilər Azərbaycanın Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutmuş, tarixə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan olunması ilə yekunlaşmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir.
Qeyd edib ki, zərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd edilməlidir.
Biz tarixi unutqanlığımızdan ibrət götürməli, necə məkrli düşmənlərlə qonşu olduğumuzu indiki və gələcək nəsillərə təbliğ etməliyik.
“Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, Mamırlı kənd İƏD üzrə nümayəndə Qabil Bəylərov və Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova çıxış ediblər. Çıxışçılar erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələrindən söz açıblar. Bildirilib ki, o faciələrdən əsrlər, illər keçsə də, xalqımız baş verənləri unutmur, soyqırımı qurbanları olmuş günahsız insanların xatirəsini dərin ehtiramla yad edir.