Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “31 mart Azərbaycanlıların soyqırımı dünyaya Ümummilli lider Heydər Əliyev tərəfindən tanıdılıb” mövzusunda tədbir keçirilib

31 mart 2023 | 14:20

31 mart  Azərbaycanlıların Soyqırımı Günü ilə  bağlı Tərtər Rayon İcra Hakimiyyəti  Yeni Azərbaycan Partiyasının  rayon təşkilatı ilə birlikdə  “31 mart Azərbaycanlıların soyqırımı  dünyaya Ümummilli Lider Heydər Əliyev tərəfindən tanıdılıb” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”da rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin, soyqırıma məruz qalmış Azərbaycanlıların və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Eldar Əsədov  qeyd edib ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Azərbaycanın müxtəlif bölgələrində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox Azərbaycanlını qətlə yetirmişlər. Törədilən soyqırımda “Daşnaksutyun” partiyası xüsusi can-fəşanlıqla iştirak etmiş, çoxlu sayda tarixi, dini və mədəni abidələr də yerlə yeksan edilmişdir.

1918-ci ilin mart ayında  Şamaxı və Qubada xüsusi amansızlıq və qəddarlıqla soyqırımlar törədilmiş, insanlar kütləvi halda qətlə yetirilmişlər. Qubada kütləvi məzarlıqda aşkarlanan insan skeletləri insanların işgəncələrlə öldürüldüyünü əyani şəkildə sübut edir.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin Fərmana əsasən martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən soyqırımı tarixinin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır.

Qeyd edildi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soyqırımı baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qaldı.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işində xüsusi mərhələ təşkil edir. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılır, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olur, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin, beynəlxalq təşkilatların sayı getdikcə artır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ABŞ-ın iyirmidən çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

1918-ci ilin mart-aprel ayında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində 3,5 hektar ərazidə “Soyqırımı memorial kompleksi” yaradılmış və ölkə başçısı 18 sentyabr 2013-cü ildə kompleksinin açılışında iştirak etmişdir. Cənab Prezident İlham Əliyevin erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən təşəbbüsləri bununla yekunklaşmır. Həmçinin 2018-ci il yanvarın 18-də cənab Prezident İlham Əliyev tərəfindən “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam da imzalamışdır.

“Dəyirmi masa”da  rayon icra hakimiyyəti başçısı aparatinın İçtimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, Mamırlı kənd tam orta məktəbinin tarix müəllimi Səbuhi Kərimov, Şıxarx 2 saylı tam orta məktəbinin müəllimi Gülnar Vahabzadə, rayon mərkəzi xəstəxanasının həkimi Anar Salahzadə və Heydər Əliyev  Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynalzadə də çıxıış ediblər. Çıxışçılar 31 mart Azərbaycanlıların Soyqırımı Gününün qan yaddaşımıza yazıldığını, Azərbaycan xalqının   “böyük Ermənistan” xülyası ilə ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşilikləri unutmayacağını bildiriblər.

Keçidlər