Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 3 dekabr –Beynəlxalq Əlillər günü qeyd olunub

02 dekabr 2023 | 11:18

Tərtər rayonunda 3 dekabr-Beynəlxalq Əlillər Günü münasibətilə Tərtər Rayon İcra Hakmiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qrumlarının rəhbərləri, Qarabağ müharibəsi qaziləri,  rayonda fəaliyyət göstərən əlillər cəmiyyətlərinin üzvləri iştirak ediblər.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, əlilləri salamlayıb, onlara uzun ömür və can sağlığı, arzularına qovuşmaq üçün möhkəm iradə, dözüm, dəyanət arzulayıb. Bildirib ki, Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi-ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr - Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.

Dünyada yaşayan əlillər cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına əsasən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.

2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.

Hazırda dünya əhalisinin təxminən 10 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

Ümummilli Lider Heydər Əliyevin “Biz əlillər üçün, onların yaşaması üçün, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından  istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub və Prezident İlham Əliyev cənablarının uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərin də getdikcə  daha  geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.

Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə qanunvericilik təkmilləşdirilib. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Paytaxtda və bölgələrdə yeni reabilitasiya mərkəzləri istifadəyə verilib. Əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi də xüsusi diqqətdə saxlanılır.

Ölkə prezidenti İlham Əliyev cənablarının müvafiq Fərman və Sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin  məbləği də hər il artırılır. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

Rayon icra hakimiyyəti tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud şəxslərin, qazilərin problemləri diqqət mərkəzində saxlanılır, onların ailələrində olur, qayğıları ilə maraqlanırıq. 54 nəfər qazi mənzil növbəsinə götürülüb, 3 nəfər mənzillə təmin olunub. 51 nəfərə kənd təsərrüfatı məhsullarının istehsalı üçün əkin sahəsi, 5 nəfərə həyətyanı sahə, 11 nəfərə sahibkarlıq üçün torpaq sahəsi verilib. 32 nəfər qazi istirahət mərkəzinə göndərilib. 27 nəfər işlə, 34 nəfər aktivlərlə, 4 nəfər avtomobillə təmin olunub. Ümumilikdə, qazilərə dövlət tərəfindən 286000 manat sığorta ödənilib, “Yaşat” fondu tərəfindən 468442 min manat, rayon icra hakimiyyəti tərəfindən  38800 manat maddi yardım göstərilib.

Sonra YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov çıxış edib. Bildirib ki, əlillərin hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər birimizin borcudur .Ətrafımızda, məhləmizdə, küçəmizdə, qonşumuzda yaşayan hansısa əlilə baş çəkmək, onun həyat və məişət şəraiti ilə tanış olmaq, imkan daxilində hansısa problemini yüngülləşdirmək  hər birimizin borcudur. Əgər gücümüz heç nəyə çatmırsa, heç olmasa onunla həmsöhbət olmaq, onları dinləmək qayğılarına, dərdlərinə şərik olmaq lazımdır.

Sonda rayon rəhbəri əlaqədar qurumların rəhbərləri ilə birlikdə əlilləri maraqlandıran sualları cavablandırıb, onların problem və qayğıları ilə maraqlanıblar.

Keçidlər