Tərtərdə “3 dekabr – Beynəlxalq Əlillər günü” münasibəti ilə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi əlilləri arasında stolüstü oyunlar və tir atıcılığı üzrə yarışlara start verilib
01 dekabr 2022-ci il tarixdə "3 dekabr - Beynəlxalq Əlillər günü" münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və "Vətən Müharibəsi İştirakçıları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi əlilləri arasında stolüstü oyunlar (şahmat, nərd, tennis, bilyard) və tir atıcılığı üzrə üzrə yarışlara start verilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətinin onların problemlərinə yönəldilməsi məqsədilə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyası tərəfindən dekabrın 3-nün Beynəlxalq Əlillər Günü kimi qeyd edilməsi barədə qətnamə qəbul olunduğunu və hər il bütün dünyada, eyni zamanda Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da Beynəlxalq Əlillər Gününün qeyd edildiyini diqqətə çatdırıb. Əlillərin sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə ehtiyacı olduğunu söyləyən Ülvi Nəcəfov əlillərin hüquqlarının qorunmasının ən ümdə məsələlərdən biri olduğunu qeyd edib və ölkəmizdə əlillərə dövlət qayğısının ildən-ilə artdığını, əlillərin sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi və tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görüldüyünü bildirib.
3 gün davam edəcək yarışda qalib gələcək iştirakçılar Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlarla təltif ediləcək.