Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 27 sentyabr-Anım Günü qeyd edilib

27 sentyabr 2022 | 14:58

Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında  27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxunub.

Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.

Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmən tərəfindən ən çox atəşə tutulan Tərtər rayonunda da anım mərasimləri keçirilir, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur.

Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, 2020-ci il sentyabırın 27-si Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olunub. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edilib. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadığın olunub. Ordumuz bütün cəbhə boyu irəliləyib və düşmən Azərbaycan əsgərinin qarşısında diz çöküb. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilməyib. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atıb.

44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələri tərəfindən Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, İlk peşə ixtisas məktəbinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə və kənd tibb məntəqələrinə, 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib. Vətəndaşlara məxsus 161 iribuynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tamamilə dağılıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Rayon rəhbəri 12-13 sentyabr 2022-ci il tarixində Ermənistanın dövlət sərhədində genişmiqiyaslı təxribat törətdiyini, təxribata ordumuz tərəfindən layiqli cavablar verildiyini bildirib. Qeyd edib ki, Azərbaycan tarixi torpaqlarını Ermənistandan geri alacaq. İcra başçısı Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sözlərini dilə gətirib: “Delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”. Bəli Azərbaycan bu gün öz tarixi torpaqlarının sərhədlərini bərpa edir və dövlət sərhəddində təxribat törədən düşmənə sarsıdıcı zərbələr vurur.

Milli məclisin deputatı Sahib Alıyev çıxış edərək bildirib ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Məğlub olan düşmən bu gün də təxribatdan əl çəkmir. 12-13 sentyabr 2022-ci il tarixindən başlayaraq dövlət sərhədində təxribatlara əl atır, işğaldan azad olunmuş ərazilərimizə minalar basdırır, hər vasitə ilə sərhəddə münaqişə yaradır, ordumuzun yerləşdiyi əraziləri atəşə tutur. Qalib dövlətin müzəffər ordusu onlara layiqli cavab verir, şəhidlərimizin qisasını alır, tarixi torpaqlarımızı özümüzə qaytarır.

Tədbirdə çıxış edən Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid Rəşad Mirzəyevin anası Afidə Mirzəyeva, şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, qazi Amid Paşayev, N saylı hərbi hissənin komandiri Vüsal Hüseynov dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonra rayon rəhbəri tərəfindən 5 nəfər qaziyə “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib.

Mərasim “Şəhidlər” abidə kompleksinin ziyarəti ilə yekunlaşıb. Ziyarətçilər abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüblər.

 

Keçidlər