Tərtərdə 27 sentyabr-Anım Günü ilə əlaqədar Şəhidlər Abidə Kompleksi ziyarət edilib
Tərtər rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbirlər davam edir.
Şəhərin Mərkəzi Meydanında quraşdırılmış monitorda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış igid oğul və qızlara həsr olunmuş video çarxlar nümayiş etdirilir, şəhidlərin ruhuna dualar oxunur, sosial şəbəkələrdə şəhidlərin hər kəsə örnək olan qısa, lakin mənalı ömür yolundan bəhs edən yazılar paylaşılır. Sakinlər səhər tezdən “Şəhidlər” abidə kompleksini ziyarət edirlər.
Ziyarət mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Kompleksin önündə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi yad edilib, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov tərəfindən onların ruhlarına dualar oxunub.
Sonra ziyarətçilər abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb, saat 12:00-da şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.