Tərtərdə 27 sentyabr-Anım günü ilə əlaqədar şahmat turniri keçirilmişdir
26 sentyabr 2022-ci il tarixdə Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbində Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında "27 sentyabr-Anım günü"nə həsr edilmiş rayonun pilot məktəblərinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin 8-14 yaş qrup şagirdləri arasında şahmat idman növü üzrə turnir keçirilmişdir.
Turnirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tərtər rayon icra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev və Tərtər Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev turnirdə ətraflı çıxış edərək tarixən mənfur düşmən tərəfindən xalqımıza qarşı törədilən təxribatlardan, terror hadisələrindən, düşmənin məkrli niyyətlərindən ətraflı bəhs edərək yarışın keçirilməsində əsas məqsədin şəhidlərin əziz xatirəsini daim əziz tutmaq və "Anım günü"nün rayonda yüksək səviyyədə qeyd edilməsindən ibarət olduğunu vurğulamışlar. Çıxış zamanı 44 günlük Vətən müharibəsində Tərtərə mənfur düşmən tərəfindən 16277 ədəd tank, top, qrad mərmiləri, eləcə də 21 qadağan olunmuş raketin atılması nəticəsində minlərlə yaşayış evlərinə, təsərrüfatlara, inzibati binalara ziyan dəydiyi və həmçinin bunun nəticəsində 16 nəfər mülki vətəndaşımızın şəhid olması şagirdlərin diqqətinə xüsusi olaraq çatdırılmışdır.
Sonra yarış iştirakçılarına uğurlar dilənərək yarış açıq elan edilmişdir. Olimpiya sistemi(uduzan çıxır) ilə keçirilən turnirə 36 nəfər məktəbli qatılmışdır.
Qaliblər Tərtər rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif edilmişlər.