Tərtərdə “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyəti” mövzusunda müşavirə keçirilib
22 fevral 2023-cü il tarixdə Tərtər Rayon Gənclər Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyəti” mövzusunda müşavirə keçirilib.
Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, İƏD üzrə nümayəndələr, pambıq istehsalçısı olan şirkətlərin rəhbərləri, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, bələdiyyələr və fermerlər iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Nazirliyin Aparat rəhbəri Rafail Quliyev və digər natiqlər Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğundan, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanlarından, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialından, pambıqçılıq sahəsinə dövlət dəstəyi tədbirlərinin görülməsindən geniş bəhs etmişlər. Daha sonra tədbir qarşılıqlı müzakirə şəraitində davam etmişdir.