Tərtərdə 2022-ci il sentyabr hadisələri zamanı yaralanmış Qarayev Əzizağa Sənan oğlunun toy məclisi keçirilib
2022-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən təxribatın qarşısını alarkən yaralanmış Qarayev Əzizağa Sənan oğlunun toy məclisi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Vətən müharibəsi qaziləri və veteranlar iştirak ediblər.
Məclis Azərbaycanın Dövlət himni ilə başlayıb, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy məclisində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan Əzizağa kimi oğulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib.
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, vətənpərvər oğullar böyütdükləri üçün Əzizağanın valideynlərinə öz minnətdarlığını bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Qeyd edək ki, Əzizağa Qarayev 19.09.2001-ci ildə Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində anadan olub. Azərbaycan Ordusunun hərbi qulluqçusu Əzizağa Qarayev 2022-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən təxribatın qarşısını alarkən yaralanmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Qarayev Əzizağa “Şücaətə görə” medalı medalı ilə təltif edilib.
Əzizağa Qarayev ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildirib.