Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "20 Yanvar - tarixin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi" adlı inşa-yazı müsabiqəsi keçirilib

13 yanvar 2023 | 14:33

"20 Yanvar faciəsi"nin 33-cü ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Gənclər və İdman İdarəsinin və Təhsil sektorunun birgə təşkilatçılığı əsasında Tərtər Uşaq Gənclər İdman və Şahmat məktəbində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında "20 Yanvar - tarixin hüznlü və eyni zamanda qürur doğuran səhifəsi" adlı inşa-yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə 38 nəfər məktəbli iştirak edib və inşa-yazı üçün məktəblilərə iki akademik saat zaman ayrılmışdır.

Əvvəlcə milli azadlığımız, suverenliyimiz və toroqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədova çıxış edərək bildirib ki, 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Əziz şagirdlər!

Hər ilin bu günündə ölkəmizin bütün guşələrində xatirə tədbirləri keçirilir. Paytaxtda isə yüz minlərlə insan Qanlı Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır.

20 Yanvar nə qədər faciəvi olsa da, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır.

Hər birimizin üzərinə düşən əsas öhdəlik şəhidlərimizi, qəhrəmanlarımızı daima ehtiramla yad etmək, xalqımıza qarşı törədilən faciələri, soyqırımları unutmamaq və hər zaman Vətən uğrunda canından keçməyə hazır olan bir millətin övladları olduğumuzu dərk etməkdir.

İnşa-yazı müsabiqəsinin qalibləri müəllimlərdən ibarət yaradılmış komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra qaliblər elan ediləcəklər.

Keçidlər