Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 18 Oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Günü qeyd olunub

16 oktyabr 2026 | 11:21

18 Oktyabr–Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, idarə, müəssisə və təşkilat, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb

Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri  Zabil Paşayev tədbir iştirakçılarını 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə  təbrik edərək, çıxış edib. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasının Azərbaycan xalqının tarixində mühüm hadisə olduğunu vurğulayıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyi ilə müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi və suverenliyimizin tam təmin olunması ölkəmizin tarixində yeni mərhələ açıb.

Azərbaycan xalqı bu il  dövlət müstəqilliyimizin bərpasının 35 illiyini qeyd edir.35 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxlayıb. Nəhayət ,1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edilb.

2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.

Sonra YAP rayon təşkilatının sədr müavini Azər Ağayev ,rayon mərkəzi xəstəxanasının şöbə müdiri Nuranə Hüseynova,“Tərtər Gənclər Evi” Sosial Xidmət  müəssisəsinin dərnək rəhbəri Rəvanə Babayeva, rayon icra hakimiyyətində könüllü Şahnaz Tanırverdiyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Təbii ki, ölkəmizin qüdrətini nümayiş etdirən daha bir hadisə 2023-cü ilin sentyabrın 19-20-də baş verdi. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın qeyri-qanuni erməni silahlı birləşlələrindən təmizlənməsi və ərazilərimizdəki qondarma rejimin ləğv edilməsi istiqamətində başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə böyük uğurla nəticələndi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin tərk-silah olunması, qondarma rejiminin özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır.

Tədbirdə gənclərin milli-mənəvi dəyərlərə bağlılığının, dövlət müstəqilliyinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində məsuliyyətinin vacibliyi də diqqətə çatdırılıb.

Sonda Dövlət Müstəqilliyinin Bərpası Gününün xalqımızın azadlıq iradəsini, milli birliyini və dövlətçilik əzmini təcəssüm etdirdiyi vurğulanıb.

Keçidlər