Tərtərdə 18 İyun –İnsan Hüquqları Günü qeyd edilib
Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında 18 İyun –İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, Qarabağ Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, İƏD üzrə nümayəndələr və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov tədbir iştirakçılarını “İnsan Hüquqları Günü“ münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, firavanlıq, əmin-amanlıq və uğurlar arzulayıb.
Qeyd olunub ki, İnsan hüquqları hər bir insanın ləyaqətini, azadlığını və bərabərliyini təmin edən ən ali dəyərlərdəndir. Hüquqi və demokratik dövlətin əsasını təşkil edən bu dəyərlər cəmiyyətin inkişafına, sosial ədalətin bərqərar olmasına və insanların rifahına xidmət edir. İnsan hüquqlarının qorunması yalnız hüquqi öhdəlik deyil, həm də humanizmə, ədalətə və insan şəxsiyyətinə hörmətin təcəssümüdür.
Azərbaycan xalqının dövlətçilik tarixində insan hüquq və azadlıqlarının müdafiəsi daim xüsusi yer tutmuşdur. Müstəqil Azərbaycanın hüquqi dövlət kimi formalaşmasında və insan hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılmasında Ümummilli Lider Heydər Əliyev müstəsna xidmətlər göstərmişdir. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının müdafiəsinin möhkəm hüquqi və institusional əsasları yaradılmışdır.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul edilib və bu mühüm hadisə Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan Hüquqları Günü” kimi rəsmiləşdirilib.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan hüquqi dövlət quruculuğu və insan hüquqlarının etibarlı müdafiəsi siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı, qanunun aliliyinin möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun artırılması və sosial ədalətin təşviqi istiqamətində həyata keçirilən ardıcıl islahatlar insan amilinin dövlət siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Mərziyyə Əmirxanlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, insan hüquqlarının müdafiəsi yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Hər birimizin hüquq və azadlıqlara hörmətlə yanaşması, qarşılıqlı anlayış və həmrəylik prinsiplərini yaşatması daha ədalətli, daha güclü və daha humanist cəmiyyətin formalaşmasına xidmət edir.






