Tərtərdə 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində gənclərlə görüş keçirilib
15 İyun – Milli Qurtuluş Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərlə bağlı videoçarx nümayiş etdirilib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev çıxış edərək,15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayaraq, bildirib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində ölkədə siyasi sabitlik bərpa olunub, dövlət müstəqilliyi qorunub saxlanılıb və Azərbaycanın inkişafının möhkəm təməli qoyulub.
YAP rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki,bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə uğurla inkişaf edir, gənclərin hərtərəfli inkişafı, onların dövlət idarəçiliyində və ictimai həyatda fəal iştirakının təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Orxan Fəxrəddinov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova,Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramova, Rayon Mədəniyyət Mərkəzinin kitabxanaçısı Afət Zeynalova çıxış ediblər.
Çıxışlarda gənclərlə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, dövlətçilik ənənələrinin qorunması, vətənpərvərlik ruhunun gücləndirilməsi və gənclərin cəmiyyətin inkişafındakı rolu barədə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçıları Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin gələcək nəsillər tərəfindən daim yaşadılmasının vacibliyini qeyd ediblər.






