Tərtərdə “12 dekabr–Ulu Öndər Heydər Əliyevin anım günü”nə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.
10 dekabr 2025 | 16:47
Tərtərdə “Konstitusiya və Suverenlik İli-2025” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Uşaq Gənclər Şahmat İdman Məktəbində “12 dekabr–Ulu Öndər Heydər Əliyevin anım günü”nə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilib.
Tədbiri giriş sözü ilə Uşaq-Gənclər Şahmat İdman Məktəbinin direktoru Fərəc Rzayev açıb. Əvvəlcə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev və Elm və Təhsil işçiləri həmkarlar ittifaqının Tərtər Rayon Komitəsinin əməkdaşı Yusif Qurbanzadə çıxış edərək Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsinin dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ulu Öndərin öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etdiyini qeyd ediblər.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafındakı əvəzsiz rolundan danışıb, bildiriblər ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk dəfə şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradıllb.
Sonra yarışa start verilib. Qaliblərə ümumrayon tədbirində rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim ediləcək.






