Tərtərdə 1 noyabr – “Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü” qeyd olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il noyabrın ayının 1-i Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur.
Bu münasibətilə rayonun kənd təsərrüfatı işçiləri Ümummilli Liderin rayonun Mərkəzi Meydanında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibatı binasında “dəyirmi masa” ətrafında davam etdirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov kənd təsərrüfatı işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək, onlara kənd təsərrüfatının inkişaf etdirilməsində, gələcək işlərində uğurlar arzulayıb, rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar islahatlar bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Aqrar islahatların həyata keçirilməsinə və qeyri-neft sektorunun mühüm istiqaməti olan kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Görülən işlər, məqsədyönlü və sistemli islahatlar, məhsul istehsalçılarına hərtərəfli dövlət dəstəyi aqrar sektorun inkişafına stimul yaradır, emal sənayesinin inkişafına yol açır.
“Dəyirmi masa”da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev və digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində ölkəmizdə ərzaq bolluğu yaradılması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Kənd təsərrüfatı işçiləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.