Tərtərdə “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “ Dayanıqlı və sabit gələcək naminə ekoliji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə YAP rayon Təşkilatının iclas zalında “1 Mart Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Dayanıqlı və sabit gələcək naminə ekoliji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatının və İnzibati Ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən Mülkü müdafiə qərərgahlarının rəisləri iştirak ediblər.
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə qərargahının rəisi Ülvi Nəcəfov “Ümumdünya Mülki Müdafiə Günü” və “Dayanıqlı və sabit gələcək naminə ekoliji risklərin idarə edilməsi” mövzularında məruzə ilə çıxış edib. Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranmasından, mülki müdafiənin məqsədi və bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb. Bildirilib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Azərbaycan 1993-cü ildən bu beynəlxalq təşkilatın üzvüdür. 1995-ci ildən başlayaraq Ümumdünya Mülki Müdafiə Günündə hər il konkret bir mövzuya dair müxtəlif tədbirlər təşkil edilir. Bu ilki tədbirlər “ Dayanıqlı və sabit gələcək naminə ekoliji risklərin idarə edilməsi ” mövzusuna həsr edilmişdir.
Daha sonra çıxış edən Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov tədbirin əhamiyyətindən danışıb, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildirib.






