Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhərinin küçələrində asfalt örtüyünün salınması işləri davam etdirilir

24 fevral 2026 | 09:51

2026-cı ilin ilk günlərindən etibarən, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər şəhərinin infrastrukturunun müasirləşdirilməsi, abadlıq və quruculuq tədbirləri geniş vüsət alıb. Hazırda şəhər daxilində yol infrastrukturunun yenilənməsi, küçə işıqlandırılması sistemlərinin bərpası və yol kənarlarında yeni yaşıllıq zolaqlarının salınması istiqamətində kompleks işlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində şəhərin şəhid Elman Mehdiyev, Hüseyn Cavid, Polad Ərəbov küçələrində və Cavanşir küçəsinin 3-cü döngəsində yeni asfalt örtüyünün salınması prosesinə başlanılıb. İşlərin ilkin mərhələsində yol yatağı qum-çınqıl qarışığı ilə doldurularaq xüsusi texnikalar vasitəsilə kipləşdirilir və hamarlanır. Hazırlıq mərhələsindən sonra küçələrə yeni asfalt örtüyü döşənir. Layihənin əsas üstünlüklərindən biri də odur ki, asfaltlanma ilə paralel olaraq küçələrdəki mövcud elektrik, qaz, su və telekommunikasiya xətləri də yenilənərək qaydaya salınır.

Yaxın günlərdə şəhərin yol-nəqliyyat strukturunun təkmilləşdirilməsi məqsədilə Elman Səfərov küçəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci döngələrində də asfaltlanma işlərinə başlanılması nəzərdə tutulub. Görülən bu işlər şəhərin estetik görünüşünün yaxşılaşdırılması ilə yanaşı, sakinlərin gediş-gəlişinin və gündəlik həyat şəraitinin daha da rahatlaşmasına xidmət edir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abadlıq işlərinin aparıldığı əraziyə baş çəkərək, prosesin gedişatı ilə yerində tanış olub, aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. İcra başçısı sakinlərlə görüşərək onların təklif və fikirlərini dinləyib. Görüş zamanı vurğulanıb ki, sözügedən küçəyə ilk dəfədir asfalt örtüyü çəkilir; əvvəllər çınqıl örtüklü olan yol xüsusilə yağıntılı havalarda ciddi çətinliklər yaradırdı.

Sakinlər yaşadıqları ərazinin abadlaşdırılmasına və yaradılan müasir şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər