Tərtər şəhərində mina və müharibədən zərərçəkənlərin problemlərinin həllinə dəstək mövzusunda konfrans keçirilib
Konfrans Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Mina və müharibədən zərərçəkənlərin problemlərinin həllinə dəstək konfransının keçirilməsi” layihəsi çərçivəsində baş tutub.
Konfransı AMZA-nın təsisçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev açıb. O, torpaqlarımızın erməni işğalından azad olunmasından sonra yaranmış vəziyyətlə bağlı ətraflı danışıb. Problemin həlli istiqamətində həm dövlətin, həm də onun rəhbərlik etdiyi təşkilatın gördüyü işlər barədə ətraflı məlumat verib.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. O, qeyd edib ki, Tərtər rayonu minadan ən çox zərərçəkən rayondur. “Uzun illərdir Tərtər rayonu həm müharibədən həm də minadan əziyyət çəkirdi. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün dövlətimiz o ərazilərin minadan təmizlənməsi, yenidən qurulması üçün böyük işlər görür. Eyni zamanda, cənab Prezidentimizin tapşırığı və tövsiyəsi ilə Şəhid ailələri, müharibə əlilləri, o cümlədən minadan və müharibədən zərərçəkənlər üçün də çox böyük sosial layihələr həyata keçirilir. Dövlətimiz həmişə sosial qayğıya ehtiyacı olan insanların yanında olub. Biz də rayonda bu istiqamətdə xeyli işlər görmüşük. Bundan sonrada görəcəyik.”
AMZA-nın sədri, sözügedən layihənin rəhbəri Rey Kərimoğlu çıxış edərək layihənin əhəmiyyətindən və görülən işlərdən danışıb.
Sonra əsasən Ağdam, Bərdə və Tərtər rayonundan olan konfrans iştirakçılarının təklif və rəyləri dinlənilib.
Bütün çıxışçılar layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Xatırladaq ki, sentyabrın 1-dən icrasına başlanan layihə dekabrın 1-dək davam edəcək.