Tərtər şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş kitab sərgisi təşkil edilib
Avqustun 22-də Tərtər Rayon İcra Hakimiyyəti, YAP Tərtər rayon təşkilatı, Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə “Konstitusiya və Suverenlik İli” ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Tərtər şəhərində yerləşən Heydər Əliyev adına parkda kitab sərgisi keçirib.
Sərgidə Tərtər RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP Tərtər rayon təşkilatının əməkdaşları, Tərtər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edənlər Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Sərəncam ölkəmizin hüquqi və dövlətçilik əsaslarını möhkəmləndirməklə yanaşı, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyini və ölkəmizin suverenliyinin təmin olunmasını təntənəli şəkildə qeyd etmək məqsədi daşıyır. Çıxışlarda həmçinin Azərbaycan dövlətçiliyinin təməlini təşkil edən Konstitusiyamızın mahiyyəti, onun insan hüquq və azadlıqlarının qorunmasında oynadığı roldan bəhs olunub.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, hüquqi əsasları, dövlətçiliyimizin inkişafında rolu ilə bağlı kitablar, eləcə də suverenliyimizin, milli dövlətçilik ənənələrimizin və müstəqilliyimizin möhkəmləndirilməsini əks etdirən elmi və bədii əsərlər nümayiş etdirilib.






