Tərtər şəhərində abadlıq-quruculuq işləri davam etdirilir, küçələr yenidən qurulur
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Həyata keçirilən genişmiqyaslı işlərin nəticəsidir ki, Tərtər rayonu gündən-günə abadlaşır, genişlənir. Tərtərdə aparılan geniş tikinti, abadlıq və quruculuq işləri rayonun simasını büsbütün dəyişib, park və küçələr yenidən qurulub.
Hazırda şəhərin Heydər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov küçələrində geniş təmir işləri aparılır. Küçələrin istinad divarları müxtəlif bəzək daşları və aqlaylarla üzlənir, səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunur, səkilərə asfalt döşənir, yeni yaşıllıq zolaqları yaradılır, işıq, qaz, telekommunikasiya xətləri qaydaya salınır. Görülən işlər təkcə küçələrin abadlaşdırılması ilə başa çatmır. İllərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına park da yenidən qurulur. Parkda köhnə tamet daşları yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. Parkda qoyulmuş M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları aqlay və bəzək daşları ilə üzlənir, mühəccərlər təmir olunur, insanların istirahəti üçün şərait yaradılır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abadlıq-quruculuq işləri aparılan ərazilərə gedərək, görülən işlərlə yerində tanış olub, əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib, sakinlərlə görüşüb.
Tərtərlilər şəhərdə aparılan abadlıq-quruculuq işlərinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.