Tərtər şəhəri ərazisində abadlıq və təmizlik aksiyası davam etdirilir
Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti abadlıq və təmizlik aksiyası keçirilib.
İməclik aksiyasında Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
Aksiya çərçivəsində Tərtər şəhərinin mərkəzi küçələrində genişmiqyaslı abadlıq və təmizlik işləri aparılıb, yollar və səkilər yuyulub, ağacların dibləri bellənərək suvarılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, işıq dirəklərinin yanmış lampaları dəyişdirilib, işıq dirəkləri rənglənərək bərpa olunub, şəhərin estetik görünüşünün qorunması məqsədilə vətəndaşlara məxsus köhnəlmiş darvazalar rənglənərək yenilənib, ərazi məişət tullantılarından tam şəkildə təmizlənib.
İməcliyin keçirilməsində əsas məqsəd şəhər ərazisində sanitariya-gigiyenik vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması, əhalidə ekoloji mədəniyyətin formalaşdırılması, təbiətə və ətraf mühitə qayğı ənənələrinin davam etdirilməsi, eləcə də abad və təmiz yaşayış mühitinin təmin olunmasından ibarətdir.






