Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbdə peşəyönümü ilə bağlı təlim keçirilib

03 dekabr 2025 | 15:23

Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbdə   Tərtər Rayon İcra Hakimiyyətinin, ƏƏSM-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Tərtər Rayon üzrə Xidmət şöbəsinin  və Tərtər və Ağdərə rayonları üzrə  Təhsil sektorunun təşkilatçılığı ilə peşəyönümü ilə bağlı təlim keçirilib.

Təlimdə 120 nəfər  yuxarı sinif şagirdi iştirak edib.

Tədbiri giriş sözü ilə Qarabağ Regional Məşğulluq filialının Tərtər Rayon Xidmət şöbəsinin müdiri Ağamoğlan İsmayılov açaraq, şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verib.

Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Murad Muradlı, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Amil Hüseynov peşə seçimi ilə bağlı şagirdlərə tövsiyyələr veriblər. Qeyd olunub ki, texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə məcburiyyət kimi qarşıya qoyur.

Peşəyönümü anlayışı “gənclərin müxtəlif peşələri tanımasına və öz xüsusiyyətlərinə uyğun peşələr seçməsinə, onları seçdiyi peşələrə hazırlamasına və peşəkarcasına inkişaf etməsinə yardım xidmətləri” kimi ifadə edilə bilər. Peşə seçimi uzunmüddətli prosesdir. Təəssüflər olsun ki, ölkəmizdə gənclərin əksəriyyəti orta məktəbi bitirdikdən sonra peşə seçimi ilə bağlı qərar verməli olduqda nə edəcəyini bilmir. Əksər hallarda gənclərin çoxu bu çaşqınlıqla peşələrini seçir və nəticədə özlərini və ailələrini yanlış seçim ucbatından məyusluğa uğradırlar. Peşə seçiminin mürəkkəb və dinamik proses olması bu istiqamətdə şagirdlərə kömək göstərilməsini zəruri edir.

Vurğulanıb ki, şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün, ilk növbədə, öz maraq və qabiliyyətlərini tanımalıdırlar.

Ölkəmizdə ümumtəhsil müəssisələrində peşəyönümü xidmətinin təşkilində əsas məqsəd ibtidai təhsil səviyyəsindən başlayaraq tam orta təhsil səviyyəsinin sonuna qədər şagirdin bütün aspektlərdə (bacarıq, maraq, istək, qabiliyyət və s.) özünü tanımasıdır.

Qarabağ Regional Məşğulluq filialının Tərtər Rayon Xidmət şöbəsinin karyera məsləhətçisi Pərviz Quluzadə və Nəbi Şükürov yuxarı sinif şagirdlərinə  peşəyönümü ilə bağlı təlim keçib, əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib.

Şagirdlərlə müsahibə keçirilib, onların fikirləri dinlənilib, tövsiyyələr verilib.

 

Keçidlər