Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhər ərazisində məişət tullantılarının atılması üçün yeni “MAZ” markalı maşın və konteynerlər ayrılıb

28 oktyabr 2026 | 16:20

Son illər Tərtərdə aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə yanaşı, şəhərin təmizliyi də daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərliyinin tapşırıq və göstərişinə əsasən şəhərin təmizliyinə xüsusi diqqət ayrılmasının, rayonun yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinin, magistral avtomobil yollarının kənarlarında, ictimai yerlərdə, turizm və iaşə obyektərində atılıb qalmış zibillərin vaxtlı-vaxtında götürülməsinin nəticəsidir ki, bu gün Tərtər təmiz şəhərlər sırasında dayanır.

Şəhərin təmizliyinin qorunub saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də odur ki, tərtib olunmuş qrafik əsasında şəhərin prospekt və küçələrində gündəlik olaraq, səhər və axşam saatlarında təmizlik işləri aparılır. Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən məişət tullantılarının vaxtlı-vaxtında götürülməsi təmin edilir, təmizlik işlərinə nəzarət artırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 07 may tarixli 307s nömrəli Sərəncamının və 2026-cı il 24 sentyabr tarixli D/O № 1-5/1-16872/2026 nömrəli tapşırığının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2026-cı il üzrə 1 ədəd iritonnajlı xüsusi təyinatlı nəqliyyat vasitəsi və 30 ədəd məişət tullantıları üçün ayrlmış yeni konteyner Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsinə təhvil verilib.

Bu gün gətirilən yeni texniki avadanlıqlara baxış keçirən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışıb. Şəhərin təmizliyinin, gözəlliyinin qorunması, səliqə sahmana salınması məqsədi ilə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini bildirib. Şəhər üçün zəruri olan yeni məişət tullantılarını daşıyan maşının verilməsinin Tərtərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına daim diqqət göstərdiyindən bəhs edən rayon rəhbəri ötən illər ərzində də şəhərimizə texniki avadanlıqların alındığını nəzərə çatdırıb.

Unutmayaq ki, şəhərimizi, yaşadığımız ərazini, eləcə də ətraf mühiti təmiz saxlamaq hər birimizin vətəndaşlıq borcu və vəzifəsidir.

Keçidlər