Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər şəhər 1 nömrəli tam orta məktəbində sinif otaqlarından birinə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin adı verilib

05 aprel 2024 | 16:36

Tərtər rayonunda torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq Əsəd Məmmədov adına Tərtər şəhər 1 nömrəli tam orta məktəbində sinif otaqlarından birinə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin adı verilib. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, sinif otağında həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.

Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin regional nümayəndəsi Vidadi Məmmədzadə, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.

Tədbirdə iştirak edən şəhid ailələri, qazilər, veteranlar şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər