Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadəni təbrik edib
Zəfər Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadənin ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
İcra başçısı qəhrəmanımızın ailəsini ürəkdən təbrik edib, yeni dünyaya gəlmiş körpəyə uzun ömür, möhkəm cansağlığı arzulayaraq qiymətli hədiyyə təqdim edib.
Görüş zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə məhz Azər kimi igid oğulların şücaəti sayəsində əldə olunub. Qeyd olunub ki, o, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralanaraq sağlamlığını itirib.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. N saylı hərbi hissədə tankçı kimi xidmət edib. Tərxis olunmağına 3-4 gün qalmış Vətən müharibəsi başlayıb. Tankçı kimi Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayılın Hacılı kəndi uğrunda gedən döyüşlərdə oktyabrın 11-də tankı vurulub və ağır yaralanıb.
O, döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad olunmasına görə”, “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.






