Tərtər rayonunun Səhləbad kəndində şəhid İntiqam Ağayevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
Tərtər rayonunun Səhləbad kəndində Vətən müharibəsi şəhidi İntiqam Ağayevin 2-ci il dönümündə onun xatirəsinə inşa edilən bulağın açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Səhləbad kəndinin şəhidlərindən söhbət açıb. Bildirib ki, Səhləbad kəndi Birinci Qarabağ müharibəsində 9, Vətən müharibəsində isə 2 nəfər şəhid verib. Onların doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış bir abidə kompleksi, 3 şəhid bulağı var. Bu, şəhidlərimizin xatirəsinə göstərilən böyük ehtiramın təcəssümüdür.
Bu gün isə Vətən müharibəsi şəhidi İntiqam Ağayevin şəhadətə qovuşmasının 2-ci ildönümündə onun adına tikilmiş bulağın açılışına toplaşmışıq.
İntiqam Ağayev 1998-ci il mart ayının 1-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Vətən müharibəsi başlayanda Goranboy rayonundan “N” saylı hərbi hissənin tərkibində müharibəyə qatılıb, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib və şəhid olub, oktyabrın 9-da yaşadığı kəndin qəbristanlığında dəfn olunub.
Ölümündən sonra Azərbyacan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “İgidliyə görə”, "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Şəhidin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Sonra rayon rəhbəri 44 günlük Vətən Müharibəsində rayonun infrastrukturuna dəymiş ziyandan, Vətən uğrunda canından keçmiş Tərtərdən olan 46 hərbi, 16 mülki şəhiddən də söhbət açıb, onların qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Bildirib ki, şərəfli döyüş yolu keçən, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb, Zəfər Gününü tarixə yazıb.
Tədbirdə çıxış edən kənd ağsaqqalı İman Almurdov, Səhləbad kənd tam orta məktəbinin müəllimi Səbuhi İbrahimov, şəhidin dayısı Kömək Hüseynov 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan Ordumuzdan, bu gün dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan bəhs edib, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar. Şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra Səhləbad kənd tam orta məktəbinin şagirdləri Vətənə, şəhidlərə aid şeirlər söyləyiblər.