“Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı olub
Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında 2022-ci il martın 9-da imzalanan “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsinin təqdimatı keçirilib.
Açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırıb, həyata keçirilən humanitar layihələrə görə Yaponiya hökumətinə təşəkkürünü bildirib.
BAMF prezidenti Umud Mirzəyev isə qeyd edib ki, layihənin əsas məqsədi ANAMA-nın tapşırığı ilə fəaliyyət göstərən Fondun İcma Mina Aksiyası komandasını Tərtər rayonunda mina və partlamamış sursatların təmizlənməsi üçün 11 ədəd mina dedektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin etməklə, Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsidir. Layihə 11 minaaxtaranı tam olaraq bütün lazımi avadanlıqlar və nəqliyyat vasitəsilə təmin edir.
Diqqətə çatdırılıb ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun İcma Mina Aksiyası Komandası 20 ildən artıqdır Azərbaycan ərazilərində mina və partlamamış sursatların təmizlənməsi fəaliyyətini həyata keçirir. 2002-2022-ci illərdə ümumilikdə 156.261.899 kvadratmetr ərazi təmizlənib, 912 tank əleyhinə, 1326 piyada əleyhinə mina, 11.218 partlamamış hərbi sursat aşkar edilib. Açılış mərasimi keçirilən “Tərtər rayonunun minadan təmizlənməsi üçün təchizatların təmin edilməsi” layihəsi Yaponiya səfirliyi tərəfindən “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində BAMF-a ayrılmış sayca 3-cü yardım layihəsidir.
ANAMA-nın Əməliyyat şöbəsinin müdiri Ramil Əzizov təmsil olduğu qurumun fəaliyyətindən danışıb. Bildirib ki, İcma Mina Aksiyası komandasının mina dedektoru, qoruyucu geyim dəsti və pikapla təmin edilməsi Azərbaycanda həyata keçirilən mina və partlamamış sursatların təmizlənmə fəaliyyətinin tezləşdirilməsinə və Tərtər rayonunda daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək.
Yaponiyanın Azərbaycandakı səfiri Vada Çunici ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Qeyd edib ki, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində indiyədək 280-ə yaxın layihə həyata keçirilib. “Yaponiya özü də müharibədən keçmiş bir ölkədir. Yapon xalqı müharibədən sonra yenidən inkişaf etməyin nə qədər çətin olduğunu yaxşı anlayır. Odur ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin inkişafı, bərpası və minalardan təmizlənməsi üçün Yaponiya hökuməti və şirkətləri öz dəstəklərini göstərməyə hazırdır” – deyə, Yaponiya səfiri bildirib.
Sonra tədbir iştirakçıları mina dedektorlarına, qoruyucu geyim dəstlərinə və “Mitsubişi” şirkətinin istehsalı olan pikap avtomobilinə baxış keçiriblər.