Tərtər rayonunun kənd yaşayış məntəqələrində quraşdırılmış gecə işıqlandırılması sistemləri təmir edilib
Tərtər rayonunda əhalinin rifah halının yaxşılaşdırılması üçün bütün sahələrdə işlər uğurla davam etdirilir. Küçələr əsaslı təmir olunur, yollara yeni asfalt örtüyü salınır, istinad divarları hündürləşdirilərək ağlay və bəzək daşları ilə üzlənir, səkilərə yeni bardyorlar düzülür. Eyni zamanda küçələrdə gecə saatlarında sakinlərin rahat və təhlükəsiz hərəkət etməsi üçün gecə işıqlandırılması sistemləri də quraşdırılıb.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının tapşırıq və tövsiyələrinə əsasən şəhər mərkəzi ilə yanaşı rayonun Hüsənli, Qazyan, Qapanlı, Dəmirçilər, Borsunlu və Düyərli kəndlərində də piyadaların axşam saatlarında təhlükəsiz hərəkətini təmin etmək üçün quraşdırılmış küçə işıqlandırılması sistemlərinin yararsız kabelləri və sıradan çıxmış elektrik lampaları əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Gecə işiqlandırılması baş verə biləcək qəzaların qarşısını almaqla yanaşı kəndlərin estetik görünüşünə də bir gözəllik qatır.
Görülən işlərdən razı qalan sakinlər onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.