Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib

10 sentyabr 2024 | 18:40

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə toxum sərgi-satış yarmarkaları davam edir. Mövsümün növbəti toxum sərgi-satış yarmarkası və  Aqrar Biznes Festivalı Tərtər rayonunda keçirilib.

Tədbirə Qarabağ iqtisadi rayonu üzrə Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından ziyarətçi qismində fermerlər qatılıblar.

Ənənəvi olaraq keçirilən toxum sərgi-satış yarmarkalarında  Kənd Təsərrüfatı Nazirliyinin qurumları, digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Festivalda kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif dənli və tərəvəz bitki sortlarının sertifikatlı toxumları iştirakçılara nümayiş olunub.

Festival çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib. Sərgi bölməsində alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları nümayiş olunub.

Yarmarkanın açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Hər il fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.

Sonra çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov  toxum sərgi-satış yarmarkalarının ölkənin müxtəlif bölgələrində keçirilməsinin fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparılması imkanlarını verdiyini qeyd edib.

Tədbir çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə geniş məlumat verilib. Fermerlər tərəfindən yarana biləcək suallara  bağlı Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları tərəfindən operativ məsləhət xidməti göstərilib.

Festivalda Aqrar Xidmətlər Agentliyinin  Aqrar Təlim Mərkəzinin mütəxəssisi Kənan Tapdıqlı tərəfindən “Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulu və tətbiqi” mövzularında təlim  keçirilib.

Tədbir çərçivəsində fermerlər üçün Kredit yarmarkası da təşkil olunub. Kredit yarmarkasında fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunub və informasiya materialları təqdim edilib.

 

Keçidlər