Tərtər rayonunda suvarma suyu ilə təminat və taxıl biçinin gedişi ilə əlaqədar növbəti aparat müşavirəsi keçirilib
Tərtər Rayon İcra Hakimiyyətində rayon ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və suvarma suyunun əkin sahələrinə verilməsinə nəzarəti gücləndirmək, taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması məqsədi ilə növbəti aparat müşavirəsi keçirilib.
Rayon rəhbərinin sədrliyi ilə keçirilən müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dünyada su probleminin ciddi hal aldığını qeyd edib. Bildirib ki, qloballaşmanın nəticəsi olaraq iqlim dəyişiklikləri su ehtiyatlarına çox ciddi təsir göstərir. Azərbaycanda su ehtiyatları ilə bağlı problemlərin həlli istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm tədbirlər görülür. Vurğulayıb ki, davamlı sosial-iqtisadi inkişafda su ehtiyatlarının istifadə və mühafizəsi məsələsi əsas rol oynayır.
Rayon rəhbəri çıxışında qeyd edib ki, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və suvarma suyunun əkin sahələrinə verilməsinə nəzarəti gücləndirmək məqsədilə yaradılmış rayon qərargahı tərəfindən su qıtlığının qarşısını almaq məqsədi ilə rayon ərazisində mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsiplərinə uyğun verilməsinə və rayon ərazisində yeni subartezian quyuları qazılarkən susuzluqdan daha çox zərər çəkən və dövlət əhəmiyyətli kənd təsərrüfatı məhsulları əkilən ərazilərin seçilməsinə ciddi nəzarət edilməlidir.
Tədbirdə su ehtiyatlarından səmərəli istifadə etmək üçün mövcud imkanlar çərçivəsində qarşıda duran işlər barədə ətraflı müzakirələr aparılıb. Mövcud su ehtiyatlarından maksimum dərəcədə qənaətlə istifadə etmək məqsədi ilə icra nümayəndələri və bələdiyyələr tərəfindən əhali arasında maarifləndirmə işləri aparılması tövsiyyə edilib.
Müşavirədə həmçinin taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması, taxıl biçini zamanı təhlükəsizlik tədbirləri, xüsusilə də yanğın hadisələrinin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Emil Hacıyev, Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Ziyadov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev çıxış ediblər.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.