Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda sahibkarlarla maarifləndirici görüş keçirilib

19 avqust 2025 | 12:28

Görüşdə istehlakçı hüquqlarının təmin edilməsində sahibkarların rolunun artırılmasının vacibliyi vurğulanıb, istehlakçı məmnuniyyətinin təmin olunması ilə bağlı tövsiyələr verilib.

Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 11 saylı regional bölməsi (əhatə etdiyi rayonlar: Mingəçevir, Yevlax, Tərtər, Bərdə) tərəfindən Tərtər rayonunda sahibkarlarla maarifləndirici görüş təşkil edilib.

Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən sahibkarların qatıldığı görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən söz açılıb, müxtəlif növ xidmət sahələrində qanunvericiliklə müəyyən olunmuş norma və qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb. Sahibkarlara istehlak bazarında nəzarət sahələri və aparılan nəzarət tədbirləri barədə, eləcə də istehlakçı hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin tələbləri izah edilib, eləcə də bu sahədə nəzərdə tutulmuş məsuliyyət tədbirləri iştirakçıların diqqətinə çatdırılıb. Bundan əlavə,  Agentlik tərəfindən müvafiq sahədə həyata keçirilən tənzimləmə tədbirlərinin səmərəliliyinin artırılması üzrə görülən işlər və hədəflər, o cümlədən gözləntilər barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda istehlakçı məmnuniyyətinin və hüquqlarının təmin olunmasının əhəmiyyəti bir daha qeyd olunub, sahibkarlara mövcud qanunvericiliyin tələblərinə riayət etmələri ilə bağlı tövsiyələr verilib.

Keçidlər