Tərtər rayonunda “Qələbəni bizə yaşadanları tanıyaq” adlı layihə çərçivəsində gənclərlə görüş keçirildi.
22 noyabr 2023 | 14:20
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi “Qələbəni bizə yaşadanları tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir Tərtər rayonunda keçirildi.
Tədbir Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tərtər rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvi Nəcəfov keçirilən tədbir barədə ilkin məlumat verdi və görüş iştirakçılarına qonaqlar haqqında məlumat verdi. Daha sonra çıxışına davam edərək rayonda şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına yönəlik həyata keçirilən işlərdən söz açaraq daima bu kateqoriyadan olan insanlara diqqət və qayğı göstərildiyini ifadə edib. 44 günlük Zəfər yürüşündə Vətənin müdafiəsinə qalxaraq qələbənin əldə olunmasında Tərtərlilərin ön cəbhədə olduğu kimi arxa cəbhədə də şücaət göstərdiyini, qəhrəmanlıq salnaməsinin yazılmasında fəal iştirak etdiyini bildirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı möhtəşəm zəfər tarixinin əhəmiyyətinin gənclərə aşılanmasının vacibliyini vurğulayaraq gənclərimizin də üzərinə olduqları sahələrdən asılı olmayaraq işlərinin peşəkarı olmaları, öz inkişafları naminə daima öz üzərində işləyərək qalib ölkənin adını qürurla daşımaq məsuliyyətinin düşdüyünü qeyd etdi. Daha sonra Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli giriş nitqinə başlayaraq layihənin məqsədinin tarixi zəfərə gedən yolun gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin gənclər arasında tanıdılmasından ibarət olduğunu bildirdi. Fikirlərinə davam edən Emin Həsənli 2020-ci ilib 27 sentyabrında başlanan Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi sayəsində erməni işğalına son qoyuldu.
Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı: “44 gündə Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Nikol Paşinyanın Azərbaycanın tarixi qələbəsinin təsdiqi olan həmin Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyəti oldu. Son antiterror tədbirlərindən sonra isə tam suverenliyimizi bərpa edərək bütöv Azərbaycanda şanlı üçrəngli bayrağımızı qaldırdıq.
Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti, düşünülmüş və məqsədyönlü siyasəti, nə zaman nəyi edəcəyi ilə bağlı səsləndirdiyi fikirlərin arxasında dayanan mühüm addımlarının nəticəsində bu gün qüdrətli ölkə olaraq yüksələn xəttlə irəlilədiyimizi bəyan edib fikrini bitirdi.
Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Vidadi Məmmədov və çıxış edən digər natiqlər bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən, gənclərin vətənpərvərlik tərbiyəsi işinə önəmli təsirdən söz açdılar. Vurğulandı ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.