Tərtər rayonunda psixi sağlamlıq barədə təlim və maarifləndirmə kampaniyaları təşkil olunub
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi Tərtər Rayon İcra Hakimiyyəti və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə avqustun 7-də Tərtər rayonunda yaşayan əhali arasında maarifləndirmə kampaniyası təşkil edib.
Kampaniyanın məqsədi əhalinin psixi sağlamlıq və psixososial dəstək ehtiyacları haqqında, habelə münaqişələrin bitməsindən sonra belə şəxslərin və icmaların psixi sağlamlığına və rifahına təsiri haqqında məlumatlılığı və bilikləri artırmaq və bu sahədə mövcud olan stiqmaları azaltmaqdır. Eyni zamanda TƏBİB psixoloqları tərəfindən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası), həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş, habelə sağlamlıq məhdudluğu olan uşaqların valideynlərinin təməl psixoloji bilik və bacarıqlarının artırılması mövzularında maarifləndirici söhbətlər aparılmışdır.
Həmçinin stress, depressiya, təşviş və post-travmatik stress pozuntusu kimi psixi sağlamlıq halları, eləcə də mübarizə mexanizmləri haqqında məlumat əldə etmək istəyən əhali üçün psixoloqlarla ödənişsiz görüşlər təşkil olunub.