Tərtər rayonunda peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədilə tədbir keçirilib tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, aidiyyəti dövlət qurumlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
İclası Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir.
Rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov çıxış edərək bildirib ki, Tərtər rayonu üzrə 2022-ci ilin 9 ayı ərzində rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 36 milyon 421,6 manat olub ki, bunun sayəsində 88 yeni iş yeri yaradılıb. Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.
Tədbirdə digər çıxış edənlər rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, öz mülahizələrini bildiriblər.
İclasda diqqətə çatdırılıb ki, sahibkarlara öz fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi və rayonda fəaliyyət göstərən Peşə məktəbi vasitəsilə də müvafiq köməkliklər olunur.
Tədbiri yekunlaşdıran rayon rəhbəri rayon ərazisində fəailiyyət göstərən sahibkarlar tərəfindən assosiasiyaların yaradılması üçün Tərtər Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəyini bildirib.