Tərtər rayonunda pambıq yığımına start verilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hüsənli kəndində fermer Firuz Rzayevin pambıq tarlasına baxış keçirib, fermerə xeyir-dua verib.
Qeyd edək ki, ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı tövsiyyələrinə uyğun olaraq bu il Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 2436,5 hektar sahədə pambıq əkilib.
Bunun da 1195,1 hektarı “MKT İstehsal Kommersiya” MMC ilə, 827,4 hektarı “Azərpambıq” MMC və 414,0 hektarı isə digər şirkət ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Artıq bir neçə gündür ki, sahələrdən məhsulun toplanmasına başlanılıb. Bu günə kimi 149,40 ton məhsul toplanaraq təhvil verilib.
Pambıq yığımı ilə əlaqədar mövcud kombaynlara texniki baxış keçirilib, nasaz vəziyyətdə olan texnikaların təmiri işləri başa çatdırılıb.
Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb.
Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.
Məhsul yığımında hər bir pambıqçıya uğurlar arzulayırıq!