Tərtər rayonunda “Mina təhlükəsi: Dayan! Toxunma! Məlumat ver!” layihəsi çərçivəsində tədbir keçirilib
Martın 3-də Tərtər rayonunda “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Mina təhlükəsi: Dayan! Toxunma! Məlumat ver!” layihəsi çərçivəsində tədbir keçirilib.
Layihə çərçivəsində ilk olaraq 30 yeniyetmə və gəncin iştirakı ilə “Mina təhlükəsindən özünü və yaxınlarını qoru” mövzusunda seminar həyata keçirilib. Seminarı Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli açaraq qonaqları salamlayıb, həyata keçirilən layihəni yüksək qiymətləndirib, seminarların postmüharibə dövründə də ciddi fəsadlar yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükəni nəzərə alaraq xüsusi əhəmiyyətini qeyd edib.
Layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri haqqında məlumat verib, seminar iştirakçılarına uğurlar arzulayıb.
Layihə üzrə ekspert, mina təhlükəsizliyi üzrə mütəxəssis Vaqif Sadıqov qlobal miqyasda mina və Müharibənin partlamamış qalıqları, Ottava konvensiyası, müharibənin təsirlərinə məruz qalmış rayonlarda mina və müharibənin partlamamış qalıqları (MPQ) ilə çirklənmə səviyyəsi, mina və müharibənin partlamamış qalıqları haqda ümumi məlumat (mina mifləri), mina və partlamamış hərbi sursatlarla təhlükəsiz davranış qaydaları, əsas mesajlar, xəbərdaredici işarələr, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınmasında icma səviyyəli maarifləndirmə fəaliyyətləri haqqında təqdimatlar etmiş, maraqlı müzakirələr aparılmışdır.
Eyni zamanda layihə çərçivəsində Tərtər rayonunda yeniyetmələrin və gənclərin mina təhlükəsi ilə riskini minimuma endirmək məqsədilə “Mina təhlükəsi rəsmlərdə” adlı rəsm müsabiqəsi həyata keçirilmişdir. Rəsm müsabiqəsi zamanı 30 yeniyetmə və gənc tərəfindən çəkilmiş rəsmlər vasitəsilə mina və müharibənin partlamamış qalıqları haqqında düşüncələrini öz rəsmləri vasitəsilə həmyaşıdlarına çatdırmış, müzakirələr aparılmışdır.
3 yaş qrupu üzrə keçirilən müsabiqədə ilk 3 yeri tutan qaliblərə fəxrı fərman, hədiyyə paketı və həvəsləndirici yer üzrə hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, layihənin əsas məqsədini keçmiş təmas xəttinə yaxın və müharibədən zərərçəkmiş ərazilərdə təhsil alan, yaşayan, işləyən yeniyetmə və gənclər mina və partlamamış hərbi sursatlar, eyni zamanda təhlükəli ərazilər, onların əlamətləri və təhlükəli ərazilərdə düzgün davranış qaydaları haqqında məlumatlandırmaq təşkil edir.