Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın növbəti iclası keçirilib

11 avqust 2026 | 10:06

Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə yaradılmış rayon Qərargahının növbəti iclası keçirilib.

İclasda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qərargahın üzvləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, aparatın məsul əməkdaşları, eləcə də bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışından irəli gələn tapşırıqlar Qərargahın hər bir üzvü üçün konkret fəaliyyət istiqaməti olmalıdır. O qeyd edib ki, Tərtər rayonu münbit torpaq resursları, əlverişli iqlim şəraiti və zəngin suvarma potensialı ilə aqrar sahədə böyük inkişaf imkanlarına malikdir və bu potensialdan səmərəli istifadə olunması bilavasitə Qərargahın qarşısında duran əsas vəzifədir. Rayon rəhbəri diqqətə çatdırıb ki, rayonda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının artırılması, yerli xammala əsaslanan emal müəssisələrinin genişləndirilməsi, torpaq və su resurslarından səmərəli istifadə mexanizmlərinin, o cümlədən müasir suvarma və pivot sistemlərinin tətbiqi prioritet məsələ kimi qarşıya qoyulur. O həmçinin vurğulayıb ki, rayon ərazisində fəaliyyət göstərən sahibkar və fermerlərlə daimi işgüzar əlaqə saxlanılmalı, onların qarşılaşdığı problemlər operativ həll olunmalı və bu proses 2025-ci il (Baza) və 2030-cu il (Hədəf) göstəricilərini əks etdirən ətraflı İş Planının əsasını təşkil etməlidir.

Sonra Tərtər RİH başçısı aparatının Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi Natiq Musayev, rayon Statistika İdarəsinin rəis əvəzi İradə Rəfiyeva, Tərtər Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, "Prime Cotton" MMC-nin Tərtər filialının müdiri Vilayət Şairov, “Azərpambıq” MMC-nin Tərtər pambıq məntəqəsinin direktoru Fəqani Babışov və Tərtər Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov çıxış edərək Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, 2025-ci ilin baza göstəriciləri əsasında 2030-cu il üçün müəyyən edilmiş hədəflər üzrə İş Planının hazırlanması və statistik uçotun təşkili vəziyyəti barədə məruzə ediblər. Məruzələrdə rayonda aqrar sektorun, o cümlədən bitkiçilik, heyvandarlıq və pambıqçılıq sahələrinin inkişaf etdirilməsi, yerli xammala əsaslanan emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Eyni zamanda torpaq və su resurslarından səmərəli istifadə olunması, müasir suvarma və pivot sistemlərinin tətbiqinin sürətləndirilməsi, eləcə də fermer və sahibkarlara operativ dəstəyin göstərilməsi ilə bağlı görülən işlər və qarşıda duran prioritet vəzifələr iclas iştirakçılarının nəzərinə çatdırılıb.

Yekunda rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər